Mövlana Cəlaləddin Ruminin Şeirlərində Mənəviyyat Fəlsəfəsi

A+
A-

8. ULUSLARARASI BİLİMSEL RUMÎ KONGRESİ

Philosophy of Spirituality in the Poem of Mawlana Jalal ud- Din Rumi

Mövlana Cəlaləddin Ruminin Şeirlərində Mənəviyyat Fəlsəfəsi

Eynulla MEDETLİ[I]

Abstract:

As it is known, Mawlana Jalal ud- Din Rumi’s acquaintance with Shams Tabrizi on November 30, 1244, and their friendship lasting more than two years kept Mawlana under influence for his whole life. After Shams Tabrizi left him, Mevlana started writing poems under this separation’s influence. Hundreds of his poems created a poetic portrait of a person with high moral values, worldly and divine love, pure love, loyalty, beauty, sincere friendship, mercy, and humility.

It should be noted that there is no such ordinary or extraordinary spiritual quality and condition characteristic of a person that Mawlana does not address and value. In his eyes, a true lover is a person who loves the truth and has a rich spiritual world.

Mawlana’s “Mathnawi” is a rich treasure full of spiritual value. His rubaiyat concisely expresses his philosophical thinking, divine and human love and emotions, Sufi worldview, and precious artistic examples of morals, manners, good behavior, conscience, inner purity, humility, and other spiritual qualities. These poems concisely declare the philosophy of life, creation, becoming, death, and the afterlife.

Of course, the theme of spirituality is inherent in all Mawlana’s works. In the presented article, only his poems and rubai are reviewed. Each of his verses mirrors the heart, a beautiful image of the spiritual world, a reflection of the inner world of a person in love. In Mawlana, love is the essence of the spiritual world of a person, and it is the yeast, the source of moving and life-giving energy. It is the source of spiritual beauty.

Just as Shams Tabrizi illuminated Mawlana’s spiritual world, he also enriched the spiritual world of millions of people with his poems, stories, and conversations. He called people to be filled with love, perfected, and loved man and the Creator.

Keywords: Rumi, Shams Tabrizi, Mathnawi, Life, Human, Spirituality, Philosophy.

Xülasə:

Məlum olduğu kimi Mövlana Cəlaləddin Ruminin 30 noyabr 1244-cü ildə Şəms Təbrizi ilə tanışlığı ve onların iki ildən çox davam edən dostluğu Mövlananı ömür boyu təsir altında saxlamışdır. Şəms Təbrizi onu tərk edəndən sonra Mövlana bu ayrılığın təsiri ilə şeirlər deməyə başlamışdır. Onun yüzlərlə şeirində yüksək mənəvi dəyərlərə malik olan insanın, dünyəvi və ilahi eşqin, təmiz sevginin, vəfanın, gözəlliyin, səmimi dostluğun, mərhəmətin, təvazökarlığın poetik portreti yaradılmışdır. Qeyd etmək lazımdır ki, insana xas elə adi və fövqəladi mənəvi keyfiyyət və hal yoxdur ki, Mövlana ona müraciət edib dəyərləndirməsin. Onun nəzərində həqiqi aşiq haqq sevdalısı, mənəvi dünyası zəngin olan insandır.

Mövlananın “Məsnəvi”si mənəvi dəyərlə dolu zəngin bir xəzinədir. Onun rübailəri də onun fəlsəfi təfəkkürünün, ilahi və bəşəri eşq və həyacanlarının, sufi dünyagörüşünün yığcam ifadəsi olmaqla əxlaq, ədəb, xoş rəftar, vicdan, daxili paklıq, təvazökarlıq və sair mənəvi keyfiyyətlər barəsində qiymətli, bədii nümunələrdir. Bu şeirlərdə həyat fəlsəfəsi, yaradılış, olum, ölüm, axirət fəlsəfəsi sadə, yığcam şəkildə bəyan edilir. Əlbəttə, mənəviyyat mövzusu Mövlananın bütün yaradıcılığına xasdır. Təqdim edilən məqalədə yalnız onun şeirlərinə, rübailərinə nəzər salınır.

Onun rübailərinin hər biri bir könül aynasıdır, mənəvi ruh aləminin gözəl təsviridir, aşiq olan insanın daxili aləminin əks olunmasıdır. Mövlanada eşq insanın mənəvi dünyasının cövhəridir, mayasıdır, hərəkətverici və həyatverici enerji qaynağıdır. O, mənəvi gözəllik mənbəyidir. Mövlananın öz mənəvi dünyası Şəms Təbrizidən nurlandığı kimi, o da şeirləri, hekayətləri, söhbətləri ilə milyonlarca insanın mənəvi aləmini zənginləşdirmişdir. O, insanları eşqlə durulmağa, kamilləşməyə, insanı və Yaradanı sevməyə səsləmişdir.

Açar sözlər: Rumi, Şəms Təbrizi, Məsnəvi, Həyat, İnsan, Mənəviyyat, Fəlsəfə.

***

 

Giriş:

Türk dünyasının XIII yüzillikdə dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri Mövlana Cəlaləddin Rumi (1207-1273) olmuşdur. Xarəzmşah Əlaəddin Məhəmmədin hakimiyyəti (1200-1220) zamanı dövrün elm-mədəniyyət mərkəzlərindən biri olan Bəlx şəhərindən başlanan yolçuluq, Nişapur-Bağdad-Məkkədən sonra Konyada tamamlanmış və Rumi də öz zəngin ədəbi-fəlsəfi irsi ilə Konyanı bütün dünyaya tanıtmışdır. Mövlanə Cəlaləddin Ruminin poetik yaradıcılığı və fəlsəfi-dini baxışları Yaxın və Orta Şərqin ədəbi baxışlar sistemində dərin iz buraxmışdır. Azərbaycan filosofu Ağayar Şükürovun yazdığı kimi, hələ yaşadığı dövrdə canlı əfsanəyə çevrilən müqəddəslərdən biri elan olunan bu şəxsiyyət həm həddindən artıq tərif edilmiş, həm də dəhşətli şəkildə inkar edilmişdir (Şükürov, 2005, s.462). Bu dəyərləndirmədə, əlbəttə həqiqət payı vardır. Lakin zaman keçdikcə Ruminin baxışları, xüsusən də insan, cəmiyyət, həyat, mənəviyyat barədə tövsiyələri daha çox həyatilik qazanmışdır. Onu tənqid edənlərin sırası seyrəlmiş, ona məftun olanlar isə milyonlara çatmışdır.

Mövlananın irsinə Azərbaycanda münasibət

Azərbaycanda Mövlana Cəlaləddin Rumi irsinə həmişə dərin maraq olmuşdur. Bunun bir səbəbi Həzrət Mövlananın dünya ədəbi-bədii-fəlsəfi fikrinə, sufi fəlsəfəsinə verdiyi zəngin və hər zaman qiymətli mənəvi töhfələrdirsə, ikinci səbəbi onun görkəmli Azərbaycan şairi və sufi-filosofu Şəms Təbrizi ilə mənəvi vəhdətidir. Şəmslə tanışlıq, qeyri-adi dostluğa, mənəvi bağlılığa söykənən bu ruhi vəhdət cəmiyyətdə sayılıb-seçilən bir ruhanini dünyaca məşhur olan şair və filosofa çevirdi. Şəmsdən ayrı keçirdiyi illərdə Ruminin söylədiyi və şagirdi tərəfindən qələmə alınan məsnəvilər başdan-başa insanlığa, eşqə, inama, etiqada, əxlaqa, ağıla, nəfsə, həyata, ölümə, axirətə – bir sözlə mənəviyyata dair yazılmış əsərlər sırasında ilk yeri tutmuşdur. Onun söylədiyi hekayətlər dərin fəlsəfi məzmunu ilə, həm də özündən sonrakı əsrlərdəki şairlər, sufilər üçün bir ilham qaynağı oldu. Tanınmış Azərbaycan filosofu Prof. Dr. Yusif Rüstəmov yazırdı: “Elə mütəsəvvüf-sufi mütəfəkkirlər var ki, onlardan tək birinin həyatını və dünyagörüşünü araşdırmaq alimin bütün həyatının məzmununu təşkil edə bilər. Onlardan biri, bəlkə də ən görkəmlisi – Mövlanə Cəlaləddin Rumidir” (Rüstəmov, 2002, s. 3).

Bütün Şərq fəlsəfəsində, o cümlədən Ruminin poeziyasında, həmçinin fəlsəfi söhbətlərində mənəviyyat mövzusu, insanın özünü dərk etməsi, Haqq yolu ilə gedərək Haqqa qovuşması mühüm istiqamətlərdən biridir. Orta əsrlərdə şair və filosofların əksəriyyəti təsəvvüf yoluna, insanın özünü və Yaradanı dərk etməsi, sufiliyin təkamül yolunu keçərək “kamil insan”dərəcəsinə qalxması ideyasına sahib olmuşlar. Lakin, əlbəttə, heç də hamı bu mistik yolu seçməmişdir. Ruminin təsvirində əsil insan eşqlə varlığı dolu olan, zənginləşən, kamilləşəndir. Bu həm dünyəvi eşqdir, həm ilahi, həm Allah sevgisidir, həm insan.

Mənəviyyat insanın mahiyyətidir, onu başqa canlılardan fərqləndirən başlıca xüsusiyyətdir. Əlbəttə, fizioloji olaraq insan formadan – bədəndən və onu təşkil edən üzvlərdən ibarət olsa da, onun şəxsiyyət kimi, içində yaşadığı cəmiyyət kimi ictimai məzmunu vardır. Onun ruhundan ibarət olan, ruhunun ifadəsi olan mənəvi dünyası vardır. Bu mənada mənəviyyat fəlsəfəsi, əslində insanın yalnız bir fərd olaraq daxili aləmini deyil, eyni zamanda yaşadığı maddi-mənəvi mühiti, cəmiyyəti, bütövlükdə insanlığı əhatə edən fəlsəfi dəyərləndirmədir. Prof. Dr. Səlaləddin Xəlilov yazır: “Mənəviyyat fəlsəfəsi ontoloji və qnoseoloji aspektlərə də malik olmaqla yanaşı, daha çox dərəcədə praktik həyati missiyaya malikdir. Bu fəlsəfə klassik ənənələr üzərində qurulsa da, ilk növbədə müasir insana, onun real həyati problemlərinə yönəli olmalıdır” (Xəlilov, 2023, s. 292).

Azərbaycanın tanınmış şərqşünas tərcüməçisi Saleh Dostəliyev ilk dəfə Ruminin 332 rübaisini fars dilindən azərbaycan türkcəsinə çevirmiş və nəşr etdirmişdir. S.Dostəliyev düzgün qeyd edir ki, Mövlananın rübailəri onun irfani təfəkkür, ilahi eşq və həyəcanlarını ifadə edir. Sadə və anlaşıqlı bir dildə yazılmış rübailər Mövlananın “Divani Kəbir”ində və “Məsnəvi”də ifadə etdiyi irfani və fəlsəfi fikirlərini anlamaq üçün bir açardır (Dostəliyev, 2015, s.15).

Mövlananın şeirlərində insan, mənəviyyat və ilahi eşq

Əsrlər boyunca Türk ədəbi-bədii və fəlsəfi fikrində məhz insanın “mən”-inə, onun yaranışdan malik olduğu, iç-içə yaşadığı cəmiyyət və ictimai mühitdən əxz etdiyi mənəviyyatına müraciət etmək, insanda Yaradanın “dəst-xəttini”, ifadəsini görmək ənənəsi mövcud olmuşdur. Ruminin mənəvi həyatında və dünyaya baxışının dəyişməsində təyinedici rol oynayan Şəms Təbrizi insanları mənəvi saflığa çağırır, dini ayrı-seçkiliyə qarşı çıxır, hər cür dini ritualları rədd edirdi. Şəmsin o dövr üçün heç də xarakterik olmayan söhbətləri, mükalimələri Ruminin fəlsəfi-dini görüşlərinin kamilləşməsinə güclü təsir etmiş, o daha çox insana, onun mahiyyətinə və Yaradana sevgisinə önəm vermişdir.

“Məsnəvi-ye Mənəvi”-də Ruminin əsas mövzusu da elə insandır, onun bu fani dünyada yeri, həyatı, Yaradana bağlılığı, Allaha etiqadı, Yaradılış olaraq həm mükəmməl, həm də sirli bir varlıq olduğu, eşq və imanla kamilləşdiyi vəsf olunur. Məsələn, “Divan-e Şəms Təbrizi”də 1759-cu rübaidə deyilir:

Ey nusxe-ye name-ye İlahi ke tuyi,
Vey ayine-ye cəmal-e şahi ke tuyi.
Birun ze tu nist hər çe dər aləm həst,
Dər xud betələb, hər ançe xahi ke tuyi.

(Sən ki, İlahi yazının nüsxəsisən; O, Camal Şahının güzgüsüsən; Bu aləmdə hər nə varsa səninlə bağlıdır; Nə istəyirsənsə özündən istə, çünki hər şey səndədir).

Məlum olduğu kimi, Cəlaləddin öz dövrünün mükəmməl təhsil almış ruhanisi və fikir adamı idi və ikinci vətəni sayılan Konyada dini-elmi dairələrdə böyük nüfuz qazanmış mötəbər sima idi. 1244-cü ildə Təbrizdən Konyaya gələn böyük Azərbaycan şairi, sufi filosofu Şəms Təbrizi ilə görüşdən, bu görüşdən başlanan və iki ildən artıq davam edən ilahi ünsiyyətdən sonra hikmət və eşq dolu şeirlər yazmağa başlayan Cəlaləddin daha çox “Mövlana” təxəllüsü ilə tanınmağa başladı. Bir müddətdən sonra isə türk məmləkətinə çevrilmiuş rum diyarı adlanan Anadoluda və çevrəsində ona Mövlana Cəlaləddin Rumi kimi müraciət etdilər. O, sufi ustadlığının yüksək mərtəbəsinə – Mövlana adına layiq görülmüşdü. Onun ardıcılları da özlərini mövləvilər adlandırırdılar.

Məlum olduğu kimi Cəlaləddin Ruminin Şəmssiz keçən illərdə yazdığı məsnəvilərində, “Divani Şəms”də toplanan rübailərində, xüsusilə 26 min beytlik    “Məsnəviye-Mənəvi”sində mənəviyyat məsələləri aparıcı mövzulardan olmuşdur. O, minlərlə şeirində insanı yüksək mənəvi varlıq olaraq vəsv etmiş, eşqin, təmiz sevginin, vəfanın, gözəlliyin, səmimi dostluğun, mərhəmətin, təvazökarlığın sanki poetik portretini yaratmışdır. İnsana xas elə yüksək mənəvi keyfiyyət və hal yoxdur ki, Mövlana ona müraciət edib dəyərləndirməsin. Onun nəzərində həqiqi aşiq, sevgili mənəvi dünyası zəngin olandır. Ümumiyyətlə, Mövlananın məsnəviləri başdan-başa mənəvi dəyərlərlə dolu zəngin bir xəzinədir. Onun rübailəri də bu böyük mütəfəkkirin irfani təfəkkürünün, eşq və həyacanlarının, fəlsəfi dünyagörüşünün məhsuludur, bütünlükdə əxlaq, ağıl, ədəb, xoş rəftar, vicdan, daxili paklıq, təvazökarlıq və sair mənəvi keyfiyyətlər barəsində qiymətli, bədii nümunələrdir. Bu şeirlərdə həyat fəlsəfəsi, yaradılış, olum, ölüm, axirət sadə, yığcam şəkildə bəyan edilir:

Zamanla şan-şöhrət sovrulacaqdır,
Fəna parçalayan, qurd olacaqdır.
Qürur, təkəbbürlə gəzən hər başa
Bir əcəl zərbəsi vurulacaqdır.

Əlbəttə, mənəviyyat mövzusu Mövlana yaradıcılığının bütün sahələrinə xasdır. Onun rübailərin hər biri bir könül aynasıdır, mənəvi ruh aləminin gözəl təsviridir, aşiq olan insanın daxili aləminin əksidir. Mövlanada eşq insanın mənəvi dünyasının cövhəridir, mayasıdır, hərəkətverici qüvvəsi və həyatverici enerji qaynağıdır. O, mənəvi gözəllik mənbəyidir:

Mövlananın öz mənəvi dünyası Şəms Təbrizidən nurlandığı kimi, o da şeirləri, hekayələri, söhbətləri ilə milyonlarca insanın mənəvi aləmini zənginləşdirmişdir. İnsanları eşqlə durulmağa, kamilləşməyə, insanı və Yaradanı sevməyə səsləmişdir:

Allaha doğru getsən, qəmdən azad olarsan.
Özünə doğru getsən, öz içində qalarsan.
Bil ki, vücudun sənin yolunda bir hicabdır,
Öz içində oturma, otursan yorularsan. (Dostəliyev, 2015, s. 70)

Şəms Təbrizi ilə qısa müddətli qeyri-adi dostluq başa çatanda, yəni Şəms naməlum bir şəraitdə yox olandan sonra Ruminin parlaq istedadı artıq yeni şəkildə üzə çıxırdı, onun sufi məclislərində bədahətən söylədiyi qəzəllər, məsnəvilər, rübailər ondakı ilahi eşq və hikmətdən yoğrulmuş fitri istedaddan xəbər verirdi.Ruminin şagirdləri, davamçıları, eləcə də sadə dinləyiciləri Qurani-Kərim hikmətlərinin dərin mənasını, həyatın və ölümün fəlsəfəsini Ruminin yığcam beytlərində və rübailərində daha yaxşı anlayırdılar. Ruminin Şəmsdən sonrakı halını anlatdığı bir rübaisi bu baxımdan çox diqqətçəkicidir:

O meydən içmişəm ki, ruh onun peynaməsi
O şeydən məst olmuşam, əql onun divanəsi.

Bir şam gəlib içimdə bir alov yandırdı ki,
Bu alovun, atəşin Günəşdir pərvanəsi.

Türkiyənin tanınmış Mövlana aşiqlərindən olan Talha Bora yazır ki, Mövlana Şəmsdə “mütləq kamalın varlığını”, cəmalında da “tanrı nurlarını” görmüşdü (Öge, 2017, s. 19).

Ruminin Divani-Kəbir (Böyük Divan), yaxud “Divani Şəms Təbriz” adlanan əsərində toplanmış rübailərində, həmçinin məşhur məsnəvilərində insanın mənəvi dünyasının, həyatın və eşqin dini, fəlsəfi, əxlaqi mənasının sufilik baxımından şərhi və təqdimi bənzərsizdir. Qeyd etmək lazımdır ki, rübailər əsasən türklərin, farsların və digər Şərqin ərəb olmayan xalqlarının ədəbi- bədii təfəkkürünün məhsulu kimi Rumidən əvvəl də, sonra da şairlərin müraciət ediyi geniş yayılmış ədəbi janr idi. Kökünü həmin xalqların folklorundan götürən, vəzninin axarlılığı, fikirlərin aydın və qısa ifadəsi ilə asanlıqla yadda saxlandığına görə bu rübailər xalq arasında daha surətlə yayıldırdı və təsir gücünə malik idi. Amma, göründüyü kimi Şəmsin onun həyatında doğurdan da Günəş kimi doğmasını bütün irfani şeirlərində vurğulayan Rumi Şəmsin işığı ilə bu şəkildə dəyişməyindən əsla peşmançılıq çəkmir. Bütün sonrakı həyatını ilahi bir eşqin qüdrətilə iman, hikmət, insanlığa məhəbbət, yüksək bəşəri hiss və duyğularla yaşayır. Həyatında və yaradıcılığında eşqi və həyatı bir-birindən ayırmır. İlahi eşqin əbədiliyini təlqin edir, ömrün fənalığlını, eşqin əbədiliyini mədh edir:

Mənim ömrüm bitsə də, Allah verər bir həyat.
Fəna ömrü qalmayır, ancaq qalar bu həyat.
Eşq həyat dənizidir, bu dənizə daxil ol,
Dənizin hər qətrəsi özü ayrı bir həyat.

Göründüyü kimi eşqi “həyat dənizi” sayan böyük arif onu heç də sadələşdirib bəşəri aşiq və məşuqun çərçivəsinə salmır, əksinə onun bütövlükdə insanlığın, bəşəriyyətin varlıq və davamlılığını ayaqda tutan qida və ilham mənbəyi kimi görür.Bununla yanaşı, Rumi insanın insana, aşiqin sevgilisinə eşqini, onların keçirdikləri hiss və həyəcanları, həyat eşqini, yaxud eşq həyatını da elə təsəvvür və təsvir edir ki, əslində təmiz insani eşqlə ülvi ilahi eşqin arasında sərhəddi də aradan qaldırır. Sufi aşiqin məşuqa yönəlik eşqində meyin, neyin, saqinin bir vasitə olaraq iştirakını da fəlsəfi mənalandırır, neylə onu səsləndirən dodağın məhəbbətindən yeni həyat nəfəsinin doğduğunu məharətlə təsvir edir:

Mən neydən soruşdum ki, nalə, dad nə üçündür?
Heç bir səbəb olmadan bu fəryad nə üçündür?
Dedi: “Məni bir şirin dodaq üçün kəsdilər,
Nalələrim, fəryadım bu cür həyat üçündür”.

Yəni, Rumi hər bir həyat hadisəsində və anında eşqin yerini görür. Bu ilahi eşq ilə yer də, səma da, planetlər və ulduzlar da təbii bir ahəngə bağlıdırlar. Rumi də eşqi ilahi bir cazibə kimi insan varlığının mahiyyətini müəyyən edən, canlandırıcı, hərəkətverici qüvvə hesab edir:

Ceyhun kimi aşıb-daşar aşiqlərin qəlbində qan, Aşiq özü bir köpükdür qan üstündə, buna inan. Sənin cismin dəyirmandır, suyu isə eşqdir onun, Su olmasa fırlanarmı söylə görüm heç dəyirman?

Ruminin misal göstərdiyi dəyirman həm də onun nəzərdə tutduğu həyat dəyirmanıdır. Mürəkkəb və incə mətləbləri, təbii və irfani sirləri, hətta təfsiri heç də asan olmayan Quran ayələrini sıradan insanların anlaya biləcəyi dillə, nəzm ya nəsrlə insanlara təqdim edən Rumi eşqin hikmətinin dərinliyindən rübailərində də dəfələrlə söz açır. Eşq vasitəsilə insanların bir-biri ilə ünsiyyətinin könül bağları ilə onları məsud etdiyini, dünya malına, vəzifə, şöhrət-şana aşiqlərin əsla aludə olmadıqlarını söyləyir. İnsanların eşqin gücü ilə daha çox insanlaşdığını, onun vücudu və ruhunun eşqin gücü ilə sağlamlaşdığını, insanlar arasında könül qapılarının açıldığını, hətta onları ayıran divarların belə götürüldüyünü iddia edir:

Həmdeli əz həmzəbani behtər əst
Həmdeli xod zəbani digər əst
To gər mohnət-e degəran biqəmi,
Nəşayəd namət nəhənd adəmi –

(Ürək birliyi dil birliyindən daha yaxşıdır, Ürək birliyi özü bir başqa dildir, Sən əgər başqalarının dərdinə biganəsənsə, Gərək sənə adam deməyələr.)

– deyən Rumi bütün insanlığa müraciət edirdi. Onun yaradıcılığı bütün bəşəriyyətin sərvətidir.

Rumi rübailərində elə məharətlə irfani eşqdən bəşəri eşqə keçid edir ki, eləcə də adi həyatdakı eşqi tərənnüm edərkən onu qeyri-adi ustalıqla irfani eşq səviyyəsinə qaldırır. Çünki, eşq onun üçün insanın payına düşən tale qismətidir, qaynağını böyük Yaradana olan, məxluqun xaliqə yaranışdan bəri əmələ gələn sevgisindən götürür, həsrəti də, vüsalı da insan həyatının və mənəviyyatının mahiyyətinə xas olan hal kimi qarşılıqlı əlaqədə görür. Ruminin özünün də yaşadığı və vəsf etdiyi eşqdəki ilahi nur həyatın mənası və məzmununu zənginləşdirən, onu həyati, yaşarı edən keyfiyyətdir. Onun aşağıdakı rübaisi buna ən yığcam, lakin ən dərin mənalı örnəklərdən biridir:

Bu eşq kamaldır, kamaldır və kamal,
Bu nəfs xəyaldır, xəyaldır və xəyal.
Bu nur cəlaldır cəlaldır və cəlal.
Bu gün vüsaldır vüsaldır və vüsal.

Göründüyü kimi, Ruminin aşiqanə rübailəri onun bir sıra qəzəlləri kimi o qədər adi, lakin hissiyatlı, o qədər sadə, amma həm də mücərrəd, o qədər konkret, ancaq həm də ümumiləşmişdir ki, burada vəsf edilən eşqin yer üzünə ya göy aləminə aid olduğuna hökm vermək asan deyildir. Burada real həyatdakı insanın sevdiyinə eşqi də elə ülviləşdirilir ki, sanki bir sarı bülbülün ilk baharda öz sevimli çiçəyi olan xarıbülbülə oxuduğu eşq nəğməsi dinlənilir:

Bülbüldən eşidirəm sevgilimin səsini.
Küləklərdən duyuram yarımın nəfəsini.
Yarımın xəyalını mən sularda görürəm,
Çiçəklərdən alıram onu rahiyəsini.

Mən yarın sorağını küləkdən eşidirəm.
Adını hər bülbüldən, çiçəkdən eşidirəm.
Ürəyimdə qəribə möcüzə baş veribdir.
Sevgilimin səsini ürəkdən eşidirəm.

Nəfəsinin ətrini çəməndən qoxuyuram,
Adını yasəməndən, lalədən oxuyuram.

Adını söyləməkçün mən ağzımı açmamış
Sənin səsini artıq eşidirəm duyuram.

Sevənlərin həyat eşqi Ruminin rübailərində aşiqin sevgilisinə olan məhəbbətilə elə bağlanır ki, burada əslində insan həyatının mənası üzə çıxır. Aşiq sevgilisinin varlığını özünün var olmasının səbəbi kimi görür, yarını özündə, qəlbində, fikrində, canında hiss edir. Sevən ürəklərin həyəcanıını, çırpıntısının Rumi bir sevən səmimiyyəti ilə elə bil tablosunu çəkir. Ən qiymətli xəzinənin ürəyə sığan eşq xəzinəsi olduğunu deyir. Onun ürəyi, nəbzi yalnız eşqlə döyünür, qəlbindəki dalğalar görünməsə də onu təlatümə gətirir: İnsan həyatının fani olduğunu, bir zaman başa çatacağını rübailərində səsləndirən Rumi insanlara şan-şöhrətə uyub aldanmamağı, lovğalıq və təkəbbürdən uzaq olub həyatı dərk edərək yaşamağı tövsiyə edir. Rumi qəlbində insan sevgisi, dilində və əməlində insana xidmət, Allaha, onun kitabı Qurani-Kərimə etiqad, Allahın peyğəmbəri həzrət Məhəmmədə (s) inam və ehtiramla yaşamağı təlqin edir:

Allaha doğru getsən, qəmdən azad olarsan.
Özünə doğru getsən, öz içində qalarsan.
Bil ki, vücudun sənin yolunda bir hicabdır,
Öz içində oturma, otursan yorularsan.

Mövlana Allaha inanıb ona sığınınca insanın heç vaxt doğru yoldan çıxmayacağına, Allah eşqi ilə daha canlı və fəal yaşama malik olacağına inanaraq deyirdi:

Mən piri fəna budəm cəvanəm kərdi
Mən morde budəm zendeqanəm kərdi
Mən tərsidəm ki qom şəvəm dər pahe to
Əknun nəşəvəm qom ke neşanəm kərdi.

(Yəni, Mən bir qoca ikən məni cavanlaşdırdın, Ölmüşkən diriltdin, Qorxurdum ki, Sənin yolundan azıb çıxaram, İndi azmaqdan qorxmuram, çünki yolumu nişan verdin).

1991-ci ildə Azərbaycanın xalq şairi Zəlimxan Yaqub (1950-2016) Konyada Mövlana türbəsini ziyarətindən sonra yazdığı “Mövlana türbəsində” şeirində deyirdi:

Allahdan aşağıda ucaların ucası,
Ustadların ustadı, xocaların xocası.
Şəmsin könül həmdəmi, Şərqin ulu qocası,
Haqqa mehriban yatır Mövlana türbəsində!

Haqq yolunda əriyən, yana-yana şam olan,
Etiqadı yenilməz, əqidəsi tam olan,
Sözü Allah kəlamı, bayrağı islam olan,
Tanrıya heyran yatır Mövlana türbəsində! (Yaqub, 1997, s. 21)

Nəticə:

Bütün məsnəvilərində, qəzəllərində, ibrətli hekayətlərində olduğu kimi, rübailərində də Mövlana insanları təvazö ilə yaşamağa, ədalətli və səxavətli olmağa, kin-küdurətdən uzaq durmağa, möhtac olanlara yardım göstərməyə, xeyirli əməllərə qol qoymağa, hər bir şəraitdə səbr və təmkin göstərməyə, yalnız özünü və doğmalarını deyil, bütün insanları düşünməyə çağırır. O, insanları keçmişlə öyünməməyə, gələcəyə isə çox da arxayın olub rahatlanmamağa, yaşadığı günə önəm verib xeyirli, savablı fəaliyyət göstərməyə dəvət edir. Mövlana Cəlaləddin Ruminin müdrik kəlamları, öyüd- nəsihətləri, ilahidən nur alan eşq və həyat söhbətləri əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürüldükcə, zaman və dövran dəyişdikcə öz dəyərini ancaq və ancaq daha da artırır. Bu zəngin mənəviyyat xəzinəsi, ümumbəşəri mənəvi irs daha neçə əsrlər, minilliklər insanlığın yoluna işıq saçacaq, insanla Yaradan, insanla insan münasibətinin yol çırağı olacaqdır.

 

QAYNAQCA:

  1. Şükürov, Ağayar (2005), “Şərq fəlsəfəsi və filosofları”, Bakı, “Əbilov, Zeynalov və oğulları”.
  2. Rüstəmov, Yusif (2002), “Mövlanə Cəlaləddin Ruminin sufilik fəlsəfəsi”, Bakı.
  3. Xəlilov, Səlahəddin (2023), “Fəlsəfi əlyazmalar”. Birinci kitab. “Vəhdət”, Bakı, “Zərdabi Nəşr”.
  4. Mövlana Cəlaləddin Ruminin rübailəri (2015). Fars dilindən çevirəni Saleh Dostəliyev. Bakı, “Kövsər” nəşriyyatı.
  5. Öge, Talha Bora (2007). Mevlananın gölgesi. İstanbul. Yediharf Yayınları.
  6. Yaqub, Zəlimxan (1997), Bir Əli torpaqda, bir əli haqda. Şeirlər və poemalar. Bakı, “Azərnəşr.”

[I] Prof. Dr., Tarix elmləri doktoru, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru

ETİKETLER: