Cəlaləddin Rumi və Şəms Təbrizi Arasındaki Dostluq və Mövlananın “Xamuş” Təxəllüsü Haqqında Bəzi Qeydlər
8. ULUSLARARASI BİLİMSEL RUMÎ KONGRESİ
Some notes on The Friendship Between Jalal ud-Din Rumi and Shams Tabrizi and Mawlana’s Pseudonym “Khamush”
Cəlaləddin Rumi və Şəms Təbrizi Arasındaki Dostluq və Mövlananın “Xamuş” Təxəllüsü Haqqında Bəzi Qeydlər
Şahin F. FARZALİYEV[1]
Abstract:
Scholars of different countries have expressed their opinions about the friendship between the famous poet Jalal ud- Din Muhammad ibn Baha ud- Din and the great Sufi Shamsaddin Muhammad Ali Tabrizi. The relationship between the poet Jalal ud- Din Rumi and the great sheikh Shams Tabrizi distanced them from worldly existence and connected them to spiritual friendship. J. Rumi respectfully calls his divan of ghazals “Ghazalliyatte – Shams Tabrizi.” The article mentions the pseudonym of J.Rumi “Khamush”. Several ghazals – tazmin have been written and presented by me to the readers regarding this pseudonym.
Keywords: Jalal ud- Din Rumi, Shams Tabrizi, Ghadir Gholkarian, Ali Dashti, Jalaladdin Homayi
Xülasə
Məşhur şair Cəlaləddin Məhəmməd ibn Bəhaəddin və böyük sufi Şəmsəddin Məhəmməd Əli Təbrizi arasındakı dostluqdan müxtəlif ölkə alimləri fikirlər söyləmişlər. Şair Cəlaləddin Rumi və Şeyx Şəms Təbrizi arasındakı münasibətlər onları dünyəvi bağlılıqlardan uzaqlaşdırmış, mənəvi dostluğa bağlamışdır. C.Rumi hətta özünün qəzəllər Divanını ehtiramla “Qəzəliyyate- Şəms Təbrizi” adlandırır. Məqalədə C.Ruminin “Xamuş” təxəllüsündən bəhs olunur. Bu təxəllüslə bağlı mənim tərəfimdən bir neçə qəzəl-təzmin yazılaraq oxuculara təqdim olunmuşdur.
Açar sözlər: Cəlaləddin Rumi, Şəms Təbrizi, Sufizm, Qədir Golkarian, Əli Dəşti, Cəlaləddin Homayi
Giriş:
Mövlana Cəlaləddin Məhəmməd ibn Bəhaəddin Məhəmməd ibn Hüseyn ibn Əhməd Xətibi Bəkri Bəlxi (1207-1273) irfan janrında yazıb-yaratmış məşhur şairlərdən biri, bəlkə də birincisidir. O, ata-babadan elm və ədəbiyyata meyilli ziyalı ailələrdən idi və təsəvvüf tarixinin ən parlaq simalarından olan Nəcməddin Kubarnın yanında təlim-tərbiyə almışdı. Mövlana doğulduğu məkandan – Bəlxdən əvvəlcə Nişapura, sonra Bağdada, Məkkəyə, oradan da Şama(Suriya-Ş.F.) köçmüş, sonralar Əlaəddin Keyqubad Səlcuqinin (11691237) dəvəti ilə Konyada məskunlaşmış və həmin şəhərdə də ömrünü başa vurmuşdur. (Məsnəvi, s.3)
Mövlana miladi 1244-cü ilədək (hicri/qəməri 642), yəni Şəms Təbrizi ilə görüşənədək Konyada şəriət elmlərinin tədrisi ilə məşğul idi və onun çoxsaylı müridləri vardı. Elə həmin dövrdə Mövlana ilə böyük sufi Şəmsəddin Məhəmməd ibn Əli ibn Mələkdad Təbrizi arasında tarixi görüş baş tutur.
Bizim məqaləmizdə “Mövləvi”, “Mövlaye-Rum”, “Mövlanaye-Rum”, “Mollaye-Rumi”, “Xamuş” təxəllüsləri ilə xatırlanan Cəlaləddin Rumi dünyada ən məşhur söz sahiblərindən biri kimi tanınmışdır.
Bəs böyük sufi Şəmsəddin Təbrizi (Şəms Təbrizi) kimdir? Təsəvvüfün kamil bilicilərindən olan bu şəxs yaşadığı dövrünün şeyxlərindən Rüknəddin Səcasi, Baba Kamal Cəndi, Əbubəkr Sələfbaf kimi sufilərin şagirdi olmuşdur. Cəlaləddin Rumi onunla görüşdən sonra bütün dünyəvi bağlılıqlardan üz döndərib Şəmsəddinlə dostluğa başladı.
Şəmsəddin Təbrizi haqqında qələm sahibləri çox fikir bildirmişlər. “Qəzəliyyate-Şəms Təbrizi” kitabının əvvəlində verilmiş ilk məqalə Rumişünas tədqiqatçı Əli Dəştiyə məxsusdur. O yazır: “Cəlaləddin Rumi nə istəyir, nə axtarır, nə hiss edir, nə deyir, onun bu fəğanı nəyi əks etdirir.” (Qəzəliyyate-Şəms Təbrizi, s.3) Bəli, Əli Dəşti heyran qalmışdır. Nədir onun heyranlığının səbəbi? Əlbəttə, səbəb böyük bir şairin cavan bir dərvişə olan və dərya kimi coşub-çağlayan eşq hissidir. Bəs nədir bu hissin səbəbi? Mövlananın Təbrizdə doğulan dərvişxislət bir adamla əlaqəsi özündə nəyi ehtiva edir? Ə. Dəşti yenə yazır. “Cəlaləddini başqa şairlərdən fərqləndirən cəhət budur ki, o, şeir yazmaq istəmir, o istəyir ki, özünün lal və gizli hisslərini dilə gətirsin…Allah, Allah bu necə eşqdir ki, bir şairi bir dərvişə bağlamışdır? Bu nə təhər eşqdir ki, Mövlana Şəmsin ümmanına düşüb coşur və dalğalanır. Əlbəttə, çox ariflərin, elə bizim də qənaətimizcə, bu eşq qətiyyən bəşəri eşq deyildir! Bu eşq bir həmcinsi digərinə bağlayan mənəvi, ilahi eşqdir. Bu eşq birincisini ikincisinin divanəsi etmişdir və Mövlana o dəli eşqdən qətiyyən qurtulmaq və sağalmaq istəmir. Cəlaləddin Ruminin qələmə aldığı və Şəms Təbrizinin adı ilə adlandırdığı “Qəzəliyyate-Şəms Təbrizi” kitabı əvvəldən axıracan həmin mənəvi eşqi səhifələrdə əks etdirən bir eşqnamədir. “Divani- Şəms” eşq dəftəridir. Elə bir eşqdir ki, olduqca gözəldir, maddi bulaşıqdan kənar və təmiz bir eşqdir, sərasər musiqidir,danışan musiqidir və ruhun dilidir. Heç bir şairdə bu qədər cazibə, şur və həyəcan görsənmir. (Qəzəliyyate-Şəms Təbrizi, h.1335, s.9)
C.Ruminin Ş.Təbriziyə olan eşqi haqqında
C.Ruminin Ş.Təbriziyə olan eşqi barədə başqa məşhur İran Rumişünası Cəlaləddin Homayinin “Qəzəliyyate-Şəms Təbrizi” kitabına yazdığı böyük həcmli məqaləsinin bir hissəsi “Şəmsə birləşməzdən əvvəl Mövləvinin şairliyi” (“Şaeriye-Mövləvi qəbl əz peyvəstən be Şəms”) adlanır. C.Humayi yazır: “ Şəms ilə tanış olan Mövlana bu adamın ruhani cazibəsi altına düşərək, iki il onunla yaxın müsahib olur və yalnız onunla görüşlər keçirir. Bir ildən çox davam edən görüşlərdən sonra Şama yollanan Şəms yenidən Konyaya qayıdır, Cəlaləddinlə daha iki il görüşür. Amma naməlum səbəbdən “yoxa çıxır və heç kim onun aqibətindən xəbər tutmur.” (Qəzəliyyate-Şəms Təbrizi, h.1335, s.31)
Mövlananın “Xamuş” təxəllüsü haqqında
İndi isə Mövlananın şairlik təxəllüslərindən olan “Xamuş” istilahı ilə bağlı fikir yürütmək istərdik. Təsəvvüf cərəyanının istilahlarından biri olan “Dostluq” (“Dusti”) və “Xamuşluq” (“Xamuşi”) sözlərinin məna açımları haqqında bəzi kitablardan sətirlər:
“Dusti” – dostluq, yoldaşlıq, eşq, məhəbbət, bəndə və Allah arasında səbəbsiz dünyəvilik və dünyəvisizlik deməkdir; (Moin, h.1378, c.2 s.1578) “Xamuşi- sükut, səssizlik, sakitlik, danışmazlıq mənasındadır; (Moin, h.1378, c.1 s.1393) “Dusti” – murad, bəndə ilə haqq arasında yaranan dünyəvi və üxrəvi dünyanın (hər cür rahatlıq və ləzzətlərdən əl çəkib məhrumiyyətlə yaşamaq, çətinlik, işgəncə, əzab, islam adətlərində bütün iş və hərəkətdə gözlənən və bəyəniləcək qaydalar, gözəl qayda-qanun, tərz, usul) acıqlanması deməkdir; (Səccadi, h.1383, s.371) “Xamuşi – sükut, süluk (rəftar etmə, hərəkət tərzi, sufiliyə mənsub olma, zahidlik, nəfsi öldürmə) deməkdir.(Qəzəliyyate-Şəms Təbrizi, h.1335, s.72) “Xamuşi”- susmaq, danışmamaq mənasındadır.(Golkarian, h.1385, s.159)
C.Ruminin şair oğlu Bəhaəddin Sultan Vələdin “Vələdnamə”, böyük fars şairi Əbdürrəhman Caminin “Mənaqibul-arifin” və başqa kitablarda Mövlananın şairlik təxəllüsü haqda heç nə yazılmamışdır. Tədqiqatçı Cəlaləddin Humayi özünün məlum məqaləsində yazır: “Xamuş” ifadəsi haqqında Hacı Şeyx Məhəmmədbağır Ülfət İsfahanidən soruşdum, belə buyurdu: “Mövlana Ruminin “Rübailər” kitabının son səhifəsində təxəllüsünün “Xamuş” olması qeyd olunmuşdur.” “Divane-qəzəliyyate-Şəms” kitabındakı bir çox şerlərin son beytində də (məqtə) “Xamuş” təxəllüsü tez-tez səslənir ki, bu da onun şairlik təxəllüsünün “Xamuş” olmasına dəlalət edir.” (Qəzəliyyate-Şəms Təbrizi, h.1335, s.72-73)
Şairin özünə götürdüyü “Xamuş” təxəllüsü haqqında onun qəzəllərinin son beytlərində (məqtə) onlarla xitab vardır. Amma şairin oğlu Bəhaəddin Sultan Vələdin “Vələdnamə” və böyük fars şairi Əbdürrəhman Caminin “Mənaqebül-arifin”, habelə başqa kitablarda mövlananın bu şairlik təxəllüsü haqqında heç bir məlumat yoxdur.
O nəhəng söz sahibinin “Xamuş” təxəllüsü mənim də diqqətimi cəlb etdi və onun şərəfinə həmin təxəllüs ilə bir neçə qəzəl-təzmin yazdım ki, onları bu məqaləmin sonunda möhtərəm oxuculara təqdim etməyi özümə borc bildim. Təzmin hər hansı bir şairin əsərlərinə yazılan nəzirə, yaxud bənzətmədir. Dr. Məhəmməd Moinin “Fərhənge-Farsi” adlı izahlı lüğətində oxuyuruq: “Təzmin – şairin öz şerlərində başqa şairlərdən misra və beytlər gətirməklə yazdığı şer növüdür. Əgər şer məşhur, şair isə tanınmış şairdirsə, həmin şairin adının çəkilməsinə ehtiyac yoxdur, əksinə şair məşhur deyilsə, təzmin yazan şəxs onun adını təzminində hökmən göstərməlidir ki ona “oğru” deməsinlər” (Moin, h.1378, c.1 s.1094)
“Xamuş” təxəllüsü ilə bağlı Mövlana Cəlaləddin Ruminin qəzəllərindən ilhama gələrək ithaf etdiyim qəzəl-təzminlər:
I
Qış vurdu başa ömrü, yaz gəldi yığıb sür’ət,
Bəh-bəh, nə gözəl gəlmək, bəh-bəh nə qəşəng halət!
“Xamuş ki, bahar gəldi,gül gəldi və xar gəldi,
Görsəndi çıxıb qeybdən göyçəklər alıb də’vət [2]
Əllər ələ bağlandı, tellər telə bağlandı,
Bülbül gülə bağlandı, xar-oldu zəlil. Heyrət!
Yoxdursa əgər naləm, şəndirsə bugün aləm,
Vardırsa cəhənnəm həm, Tanrım yaradıb cənnət!
Bayram eləyir Rumi, vəhdət diləyir Rumi,
“Xamuş” deyir Rumi Şəms ilə edib işrət.
Avazə uyur Şahin, “Şahnaz”ə uyur Şahin,
Xamuş, oxuyur Şahin, pərvazına yox hacət.
II
Hər yan gecə nurlandı, dərhal elədim diqqət
Görsəndi gözə ay tək bir də o gözəl afət.
Söylərdim –umud göydə! Var idi sükût göydə,
Dönmüşdü bulud göydə, çəkdim nə qədər möhnət.
Şimşək kimi çaxsam da eynək gözə taxsam da,
Bir ay göyə baxsam da qalmışdım aya həsrət.
“Tövbə ayı qurtardı, gəldi Yerə bir ay ki,
Yüz tövbəni sındırdı, yandırdı o hər saət” [3]
Gülmüşdü üzə niyyət, olmuşdu canım rahət,
İtmirdi səmimiyyət, bitmirdi bir an söhbət.
Amma yenə gün gəldi, başlandı acı xiffət,
Xiffət nə təhər xiffət, həsrət nə təhər həsrət!
Şahin, o gözəl ayı, xamuş, kənar etmə,
Görsənməz o ay bir də, görsənməsə çək zillət.
III
Müşkildən olub rahət, şadəm ki, həmin saət
Tə’rif edirəm eşqi, düşmüş əlimə fürsət.
Şairlərimiz ən çox eşq barədə yazmışlar,
Var onlara qəlbimdə dünya dolusu rəğbət.
“Şəmsül-Həqe-Təbrizi! Sultane-şəkərsən sən,
Dərhal gedər sənlə cənnət tərəfə ümmət”[4]
Qovğa ilə sevdadə, söz yox ki, təvafüt çox,
Qovğa- yaradır lə’nət, sevda- gətirir şöhrət.
Eşqin dəyəri haqda Rumi nə gözəl yazmış,
Yüksək dəyərə çatmış verməklə ona qiymət.
Şe’riyyəti olmazsa şe’rin varağı cır at,
Mən şe’ri bilən gündən çəkmiş məni şe’riyyət.
“Eşqnamə” çox üstündür “Şahnamə” yaratmaqdan
Əlbət ki, budur məqsəd, əlbət ki, budur niyyət!
Adətdi mənə hər an gənclikdə qəzəl, xamuş,
Eşq et yenə də şe’rə, Şahin, eləmə qəflət!
IV
“Kimdir bu kim? Kimdir bu kim? Peyda olub birdən-birə! [5]
Surətmi, ya surətdəki məna olub birdən-birə?
İllərlə peyda olmayan, mən yarə şeyda olmayan ,
Məcnunə Leyla olmayan Leyla olub birdən-birə .
Dünya mənəm, dünya, sına, dərya mənəm, səhrasına,
Axdım vüsal səhrasına dərya olub birdən-birə.
Ayrılmayan bizdən yana, yoldan yana, izdən yana,
Kaş uçmaya gözdən yana röya olub birdən-birə.
Əfqan nədir dərk etməsin, hicran nədir dərk etməsin,
Qalsın, məni tərk etməsin xülya olub birdən-birə.
Sevadasını az eylədi, nazsevməzə naz eylədi,
Heyfa ki, pərvaz eylədi durna olub birdən-birə.
Çox yazmışam dəftərdə beyt, dolmur daha sözlərlə beyt,
Hey yazdığım yüzlərlə beyt misra olub birdən-birə.
Kaş görsənə lakin yenə! Qoy söyləyə “ amin!” yenə,
Xamuş, təkəm, Şahin yenə tənha olub birdən-birə.
V
“Ey aşiqlər, ey aşiqlər, peyda olum, peyda olum,
Ay üzünə ayüzlümün şeyda olum, şeyda olum” [6]
Sən bilirsən dünya olub dünya içrə Nizamilər,
İstərdim ki, dünya içrə dünya olum, dünya olum.
İstərdim hey baxıb yenə “donlu mələk” deyim sənə
Surət donu geyinənə mə’na olum, mə’na olum.
Çox gülşəndən gül dərmisən, yarım, mənə göndərmisən,
Sənsizləşib istərmisən tənha olum, tənha olum?
Necə gedib necə gələn gücdən düşüb gücə gələn,
Gündüz gedib gecə gələn rö’ya olum, rö’ya olum?
Ocaq varsa alov da var, nişan varmı səməndərdən?
Çoxdan yoxdur ənqa quşu, ənqa olum, ənqa olum!
Məhəbbət agahı olan, aşiqlərin şahı olan,
Qeysin qədəmgahı olan səhra olum, səhra olum!
İsa tək dözəsən deyə, su üstdə gəzəsən deyə,
Sən məndə üzəsən deyə dərya olum, dərya olum!
Tab etmişəm çox dərdə mən, ruhəm uçan göylərdə mən,
Mümkünmü yerdə bir də mən peyda olum, peyda olum?
Xamuş! Yazım ilham ilə, varmı lələk gəlsin ələ,
Qoy şahin yox, bundan belə durna olum, durna olum!
VI
“Ta surəto peyvənde-cəhan idi, Əliydi,
Həm nəqşe-məkan idi, zəman idi, Əliydi”[7]
Tutmuşdu Məhəmməd yolunu sidq-ürəkdən,
İslamə şərəf, həm də həyan idi, Əliydi.
Gündüz-gecə ayrılmayan öz zülfüqarından,
Kafərlər olan yerdə əyan idi, Əliydi.
Olmuşdu günəş timsalı, ay timsalı Yerdə,
Gah zahir idi, gah nihan idi, Əliydi.
“Nəhcul…” dedi, həm gəldi “bəlağə” sözü sonra,
Məqsudi bəyan idi, bəyan idi, Əliydi.
Dost kimsələrə yaxşılıq etməkdi məramı,
Düşmənlərinə qarşı yaman idi, Əliydi.
Təsdiqinə iman gətirən çoxdu imamın,
İnkarinə çox-çox oxatan idi, Əliydi.
Qəddi əyilib oldu kaman timsalı, heyhat,
Zənn et ki, Yerin qəddi kaman idi, Əliydi.
Mülcəm[8] kişinin oğlu ona qəsd eləyəndə,
Mərd idi və namərdə nişan idi, Əliydi.
Təkcə ərəb övladına qəsd olmadı onda,
Hər müslimə ah idi, fəğan idi, Əliydi.
Ondan sora çox qan axıdıldı, axacaqdır,
Ummid Əli idi, Əlican idi, Əliydi.
Xamuş, adam var yeri yoxdur Yer üzündə,
Şahin, bu cahan işrə cahan idi, Əliydi!
QAYNAQCA
Məsnəvi (2015), Mövlana Cəlaləddin Rumi. Bakı, Nurlar Nəşriyyat- Poliqrafiya Mərkəzi.
Qəzəliyyate-Şəms Təbrizi ba moqəddimeye- ostad Cəlaləddin Homayi və cənab ağaye-Əli Dəşti (hicri 1335), Cəlaləddin Rumi. Tehran.
Moin, Məhəmməd (hicri 1378), Fərhənge-Farsi, cild I, Tehran
Moin, Məhəmməd (hicri 1378), Fərhənge-Farsi, cild II, Tehran.
Səccadi, Seyid Cəfər (hicri 1383). Fərhənge-istilahat və tə’birate- erfani, Tehran.
Golkaryan, Qədir (hicri 1385). Farsiye-dosuyeye “Əxtər”, Farsiye-Estanbuli və Estanbuliye-farsi, nəşre-Əxtər, Təbriz.
[1] Tarix elmləri doktoru, professor, AMEA Tarix İnstitutu, Bakı, Azərbaycan,
[2] Beytin farscası:
“Xamoş ke, bəhar aməd, göl amədo xar aməd, dz reyb boruz caste xuban cahate-da’vat”
[3] Beytin farscası:
“Boqzaşt mahe-tövbe, amad becahan mahi, K-u beşkanado suzad sad tövba behar saat”
[4] Beytin farscası:
“Şamsol-Haqe-Tabrizi, soltane-şakarrizi, Yeksar bebari ommat ba xod besuye-cannat
[5] Misranın farscası:
“İn kistin, in kistin, nagah peyda aməde”
[6] Beytin farscası:
“Ey aşeqan, ey aşeqan, peyda şavam, peyda şavam, Bar ruye-an mahruye-xod şeyda şavam, şeyda şavam”
[7] Beytin farscası:
“Ta surat peyvande-cahan bud dli bud,
Ta naqşe-zamin budo zaman bud dli bud”
[8] İmam Əlini qətlə yetirən İbn Mulcəm adlı şəxs- Ş.F.


